05_PARIS_NIZAMI-GANCAVI_KONSERT_MADANIYYAT-.jpg
13 noyabr 2013

Parisdə Nizami Gəncəviyə həsr edilmiş konsert olub

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib.

 

Aparıcı Alen Tremolier dünyaşöhrətli şair Nizami Gəncəvinin (1141-1209) Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə dünyaya göz açdığını, ədəbiyyatla yanaşı elmin müxtəlif sahələrində mükəmməl təhsil aldığını, yüksək insani dəyərlərin təsvir edildiyi beş poeması ilə dünya ədəbiyyatı tarixinə xüsusi töhfə verdiyini və şairin 870 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edildiyini xatırladıb, şairin ədəbiyyat, elm və xüsusilə humanist sahədə zəngin irs qoyduğunu vurğulayıb Diplomat beş poemasının toplandığı “Xəmsə“nin yaranmasından səkkiz əsr keçməsinə baxmayaraq, onun bu gün də öz aktuallığını itirmədiyini bildirib.

 

E.Əmirbəyov qeyd edib ki, əxlaqi ideyalarla zəngin əsərlər yaratmış şairin xatirəsinin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransada anılması təsadüf deyil. Səfir Nizami Gəncəvinin poemalarının əsas məzmununu təşkil edən azadlıq, bərabərlik və qardaşlıq kimi fikirlərin Fransanın əsas devizi olduğunu yada salıb.

 

E.Əmirbəyovun sözlərinə görə, Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirin keçirilməsi planlaşdırılıb: “Artıq sərgi və konsertin təşkil edilib. Bir neçə gündən sonra Strasburqda möhtəşəm mərasim nəzərdə tutulur”. Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən şairin həyat və yaradıcılığına dair əsərlərinin yenidən nəşr olunduğunu da diqqətə çatdırıb.

 

Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye çıxışında zəngin tarixə və mədəniyyətə malik Gəncə şəhərinə dəfələrlə səfər etdiyini, Nizami Gəncəvi mavzoleyinə baş çəkdiyini, ötən il dahi şairin 870 illik yubileyi ilə bağlı tədbirlərə qatıldığını xatırladıb, azərbaycanlıların, o cümlədən gəncəlilərin Nizami Gəncəvi irsinə dərin hörmət bəsləmələrinin şahidi oluğunu söyləyib.

 

Andre Vilye Nizami Gəncəvinin yalnız şair deyil, böyük filosof və alim olduğunu, dünyaya çox dəyərli əsərlər bəxş etdiyini diqqətə çatdırıb, şairin 870 illiyinə həsr olunan tədbirlərin Fransada keçirilməsinə, əsərlərinin fransız dilində çapına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondunun Parisdə və Fransanın digər bölgələrində həyata keçirdiyi layihə sayəsində fransızların dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə müfəssəl məlumat əldə etmək imkanına malik olacaqlarını vurğulayıb.

 

Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvinin Şərq ədəbiyyatında oynadığı mühüm roldan söhbət açıb. Şairin Xll əsrdə Şərq intibahının əsas simalarından biri olduğunu diqqətə çatdıran senator Nizami Gəncəvinin yaratdığı əsərlərin yalnız doğma vətəni Azərbaycan üçün deyil, eyni zamanda bütün bəşəriyyət üçün qiymətli mədəni irs olduğunu vurğulayıb.

 

Senator Heydər Əliyev Fondunun şairin həyat və yaradıcılığına dair fransız dilində hazırladığı materialları yüksək qiymətləndirib. O hesab edir ki, Fondun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Yon regionunda təşkil edilən sərgi və konsert region sakinlərinin yaddaşında öz izini buraxıb.

 

Sonda konsert olub. Konsertdə solistlərdən Ramil Qasımovun, Gülnaz İsmaylovanın və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səsləndirilib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayət ediblər. Gənc skripkaçı Osman Eyyublu “Yeddi gözəl” baletindən parçalar səsləndirib.

 

Konsertdə Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış aktyorlar, dövlət rəsmiləri, fransız ictimaiyyətinin nümayəndələri, akkreditə olunan diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr iştirak ediblər.


FOTO

VİDEO