04_strasburq-nizami-gancavi-konsert.jpg
19 noyabr 2013

Strasburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 19-da Strasburqun “Reyn sarayı”nda dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb.


Aparıcı Alen Tremolier Avropanın rəmzi paytaxtı hesab edilən Strasburqda təşkil olunan sərginin dahi Azərbaycan şair və filosofu Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunduğunu, ustadın əlyazmalarının dünyanın müxtəlif muzey və kitabxanalarında, o cümlədən Strasburq milli kitabxanasında və universitetində qorunub saxlandığını xatırladıb. Nizami Gəncəvinin şairliklə bərabər astronomiya, kimya, tarix, təbabət və digər elmlərlə məşğul olduğunu da yada salan Tremolier səkkiz əsr bundan əvvəl yaşamış şairin ideyalarının bu gün də öz aktuallığını itirmədiyini bildirib.


Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Şərq İntibahının ən parlaq simalarından biri olmuş, XII-XIII əsrlərdə yaşayıb yaratmış Nizami Gəncəvinin beş poemasının toplandığı “Xəmsə”nin bu gün də aktuallığını saxladığını, şairin ölməz ideyalarının bəşəriyyətə bələdçilik etdiyini vurğulayıb.


Səfir şairin azadlıq, bərabərlik və qardaşlıqla yanaşı, dünyəvilik, qadın və kişilər arasında bərabərlik kimi universal ideyalarının əsrlər boyu yaşadığını, Qərb cəmiyyətinin bu prinsiplər üzərində qurulduğunu qeyd edib.


Şairin əlyazmalarının dünyanın tanınmış kitabxanalarında saxlandığına diqqət çəkən səfir, Nizami Gəncəvinin doğma şəhəri Gəncədə onun mavzoleyinin ucaldıldığını, Bakıdakı ədəbiyyat muzeyinin şairin adını daşıdığını, anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin xüsusi sərəncam imzaladığını, xatirəsinin bir çox xarici ölkədə anıldığını bildirib.


E.Əmirbəyov Nizami Gəncəvinin əsərlərinin yenidən nəşr olunması və müxtəlif dillərə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rol oynadığını vurğulayıb.


“XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvinin (1141-1209) əsəri” layihəsinin Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının, Strasburq Universiteti və milli kitabxanası administrasiyasının birgə əməkdaşlığı sayəsində gerçəkləşdiyini xatırladan diplomat Strasburqda sərginin üç ay davam edəcəyini bildirib.


Alzasın Mədəniyyət Məsələləri üzrə Regional Direksiyasının rəhbəri Alən Hoss və Strasburq Universiteti və milli kitabxanasının inzibatçısı Alber Puaro çıxışlarında azərbaycanlı şair və filosofunun dünya şöhrətindən, bəşəri ideyaların zənginləşməsinə verdiyi töhfələrdən danışıblar.


Sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığını, doğulduğu Gəncə şəhərinin keçmişini və bu gününü əks etdirən fotolar, şairin əsərlərinə çəkilmiş müxtəlif illüstrasiyalar, yaşadığı dövrə məxsus dulusçuluq və misgərlik nümunələri, geyim və bəzək əşyaları nümayiş etdirilir.


Sərgidən sonra dahi şairə həsr olunan konsert proqramında incəsənət ustaları professor Ağaverdi Paşayevin dirijorluğu, Azərbaycan Dövlət Xalq Musiqi Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin sözlərinə bəstələdikləri romansları və xalq mahnılarını ifa ediblər, şairin poemalarından parçalar fransız dilində səsləndirilib.


Sərgi və konsertdə Alzas regionunun rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, bir çox ölkənin Avropa Şurası yanındakı daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Strasburqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, diaspor təmsilçiləri və tələbələr iştirak ediblər.


FOTO