2.jpg
20 noyabr 2013

Kölndə “Azərbaycan gecəsi” keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kölndə “Azərbaycan gecəsi” keçirilib. Tədbir şəhərin tarixi Gürsenix mədəniyyət zalında təşkil olunub və 3 saatdan artıq davam edib.

 

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan gecədə çıxış edən səfir Pərviz Şahbazov Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu bildirib, onun zəngin mədəniyyətindən danışıb. Diplomat Azərbaycanın mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Şərqlə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı, klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidir”. Pərviz Şahbazov Azərbaycanın musiqi vətəni olan Dağlıq Qarabağın 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalında olduğunu, bu işğal nəticəsində 1 milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirib.

 

Tədbirə aparıcılıq edən Almaniyanın tanınmış teleaparıcısı Co Fexner konsert proqramından öncə Azərbaycan haqqında məlumat verib. O, Şərqdə ilk parlament respublikasının 1918-ci ildə məhz Azərbaycanda yaradıldığını, qadınların Avropa ölkələrindən əvvəl ilk dəfə məhz Azərbaycanda səsvermə hüququ əldə etdiyini xatırladıb. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən də danışan Fexner Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılmış Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib.

 

Tədbirdə müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi vurğulanıb, 2012-ci ildə Bakının ilk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsinə uğurla ev sahibliyi etdiyi bildirilib, müsabiqənin Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi qeyd olunub.

 

“Azərbaycan gecəsi” Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında Fikrət Əmirovun “Şənlik rəqsi”, Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adığözəlovun “Elegiya”sı, xalq mahnısı “Sarı gəlin” və digər musiqilər səsləndirilib.

 

Gecənin qonaqları “Almanlar Azərbaycanda” fotosərgisi ilə tanışlıq imkanı da qazanıblar. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunub. Bu sərgidə Almaniyada olmayan gənc azərbaycanlı rəssamların bu ölkə haqda təsəvvürlərinə əsaslanaraq çəkdikləri şəkillər təqdim edilir.

 

“Azərbaycan gecəsi”ndə qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.

 

Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcək.


FOTO

VİDEO