05.JPG
28 noyabr 2013

Reymsdə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Fransanın Reyms şəhərinin To sarayında Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib.

 

Sərgini açan sarayın inzibatçısı Benua-Anri Papuno bu cür tədbirlərin müxtəlif mədəniyyətlərə malik xalqların biri-birlərini yaxından tanımasında, ölkə haqda məlumatların əldə edilməsindəki rolundan danışıb, sərgidə nümayiş etdirilən eksponatların Azərbaycanın qədim və zəngin mədəniyyətindən xəbər verdiyini bildirib.

 

Reyms şəhəri merinin müavini Jak Kuen çıxışında Azərbaycanın ilk dəfə Reymsdə təşkil olunan beynəlxalq yarmarkada iştirak etməsindən məmnunluğunu dilə gətirib, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Reyms Konservatoriyasında Azərbaycan incəsənət ustalarının çıxış edəcəyini söyləyib.

 

Jan Kuenin fikrincə, sərgidə nümayiş olunan eksponatlar şəhər əhalisində mədəni dəyərlərlə zəngin olan Azərbaycan haqda qədim ölkə kimi ətraflı təsəvvür yaradacaq.

 

Şampan-Ardenn Regional Şurasının sədri Jan-Pol Başi Azərbaycanın dünyanın iki qitəsinin və müxtəlif ölkələrin yol ayrıcında, əsasən də müsəlman ölkələri ilə sərhəddə, qədim sivilizasiyaların qovşağında yerləşdiyini, özünəməxsus adət və ənənələrinin olduğunu bildirib.

 

Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neft və qazla zənginliyini diqqətə çatdıran Jan-Pol Başi son zamanlar ölkənin əsas böyük şəhərləri olan Bakı və Gəncənin müasir görkəm aldığını, Reyms Universitetinin Gəncə Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlı olduğunu deyib.

 

Gəncədə keçirilən beynəlxalq şərab festivalında iştirakını xatırladan Jan-Pol Başi Şampan regionunun öz şərabları ilə dünyada tanındığını vurğulayıb, bu sahədə Gəncə şəhəri ilə birgə fəaliyyətə önəm verdiyini, Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə əməkdaşlığın yaradılmasının vacibliyini bildirib.

 

O, Gəncədə yaşayıb yaratmış Məhsəti Gəncəvinin yalnız Vətəninin gözəlliyini tərənnüm edən rübailər müəllifi kimi deyil, eyni zamanda, lirik məhəbbət mahnılarının ifaçısı kimi də məşhur olduğunu qeyd edib.

 

Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova XII əsrin şairəsi, yazıçısı, rəssamı və kalliqrafiya ustası kimi tanınan Məhsəti Gəncəvinin Şərq İntibahının mədəniyyət mərkəzlərindən biri olan Gəncədə yaşayıb yaratdığını bildirib. O, öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası – Nizami Gəncəvinin də bu şəhərdə dünyaya göz açdığını xatırladıb.

 

Məhsəti Gəncəvinin yaradıcılığında bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyaların tərənnüm edildiyini vurğulayan müşavir şairənin ictimai həyatda da fəal rol oynadığını, gənc qızları öz ətrafına toplayaraq ədəbi dərnək təşkil etdiyini, yaşadığı dövrdən 900 il keçməsinə baxmayaraq, onun ideyalarının bu gün də müasirliyini itirmədiyini bildirib.

 

N.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Məhsəti Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq çap edildiyini, şairənin xatirəsinin UNESCO-da və səfirlikdə qeyd olunduğunu bildirib.

 

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm də qədim mədəniyyət və incəsənət mərkəzi olduğunu xatırladıb, dünya ədəbiyyatına Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini vurğulayıb.

 

İcra başçısı Heydər Əliyev Fondunun ölkəmizin mədəni dəyərlərini Fransada tanıtmaq istiqamətində böyük layihələr həyata keçirdiyini xatırladıb. Ötən il Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Reymsdə Azərbaycanla bağlı möhtəşəm tədbirin keçirildiyini yada salan E.Vəliyev iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

 

Reyms Universitetinin vitse-prezidenti professor Nureddin Manamanni çıxışında Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulmasında, ikitərəfli əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını bildirib.

 

Sərgidə Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar nümayiş etdirilib.


FOTO