06_reyms—mahsati—gancavi—konsert.jpg
30 noyabr 2013

Reymsdə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 30-da məşhur Reyms Konservatoriyasında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə konsert təşkil edilib.

 

Aparıcı Elizabet Nacoco Azərbaycanın Asiya ilə Avropanın qovuşduğu bölgədə, İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşdiyini xatırladıb, qədim adət-ənənələrə malik Azərbaycanda 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın qurulduğunu, qadınlara səsvermə hüququnun verildiyini söyləyib. O, Şərq dünyasında ilk operanın 1908-ci ildə Azərbaycanda yarandığını, 1940-cı ildə ölkəmizdə baletin əsasının qoyulduğunu da diqqətə çatdırıb. Elizabet Nacoco Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində ölkəmizin UNESCO və digər təşkilatlarla, habelə mədəniyyət beşiyi hesab olunan Fransa ilə mədəni sahədə mühüm əlaqələr qurduğunu bildirib.

 

Elizabet Nacoco Heydər Əliyev Fondunun Fransanın Versal qəsrində iki tarixi abidənin, Strasburq Kafedralının və Normandiyada yeddi kilsənin təmirinə maddi yardım göstərdiyini bildirib. O, Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın bir çox şəhərlərində, o cümlədən Reymsdə sərgi və konsertin təşkil edildiyini, bu tədbirlərin şəhər sakinləri arasında böyük maraq doğurduğunu söyləyib.

 

Heydər Əliyev Fondunun 2013-cü ildə dahi azərbaycan şairləri Nizami Gəncəvinin 870 və Məhsəti Gəncəvinin 900 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyə başladığını diqqətə çatdıran E.Nacoco belə tədbirlərin Reymsdən əvvəl Paris və Strasburqda da təşkil olunduğunu xatırladıb.

 

Konsertdə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Şəfiqə Axundovanın və başqalarının əsərləri ilə yanaşı, xalq mahnıları və Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş musiqilər ifa edilib, şairənin fransız dilinə tərcümə olunan rübailəri səsləndirilib.

 

Konserti izləyənlər arasında Reyms şəhər bələdiyyə idarəsinin rəsmiləri, Şampan-Ardenn Regional Şurasının üzvləri, deputatlar, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan diasporunun təmsilçiləri də olublar.

 

Konsertdən sonra tamaşaçılara Məhsəti Gəncəvinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə fransız və ingilis dillərində çap olunmuş kitabları paylanılıb.


FOTO