001.gif
2 dekabr 2013

Heydər Əliyev Mərkəzində Əməkdar Rəssam Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilmiş sərgi açılıb

Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Əməkdar Rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılıb.

 

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilib. Ekspozisiyada rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur.

 

Sərginin açılış mərasimində Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə rəssamın zəngin yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova, Türkiyənin Yeddi Təpə Universitetinin müəllimi, rəssam Rəfiq Əziz, Xalq Rəssamı Səlhab Məmmədov və başqaları Sakit Məmmədovun yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.

 

Açılış mərasimində Əməkdar Rəssam Sakit Məmmədova UNESCO-nun və Türkiyənin Yeddi Təpə Universitetinin mükafatları təqdim edilib.

 

Sakit Məmmədov sərginin təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Sakit Məmmədov 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib. Rəssamın əsərləri indiyədək 37 sərgidə nümayiş olunub. Onun 6 fərdi sərgisi (İstanbul, Stokholm, Bakı, Moskva, Brüssel) keçirilib.

 

Əməkdar Rəssam Sakit Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub. O, UNESCO Rəssamlar Assosiasiyasının, Rusiya İmperator Rəssamlıq Akademiyasının üzvüdür.

 

Dekabrın 13-dək davam edəcək sərgidə rəssamın “Balaca klounlar”, “May”, “Bağban”, “Çiçəklənən Azərbaycan”, “Mən yorulmuşam”, “Səhnəyə hazırlıq”, “Nişana gedənlər”, “Aktrisa”, “Rəfiqələr” və digər əsərləri nümayiş olunur.


FOTO