_MG_2913.jpg
5 dekabr 2013

Hamburqda "Azərbaycan gecəsi" keçirilib

Dekabrın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Avropanın ən böyük liman şəhərlərindən biri olan Hamburqda “Azərbaycan gecəsi” keçirilib. Bu, Həydər Əliyev Fondunun 2013-cü il ərzində Almaniyada keçirdiyi silsilə tədbirlərin sonuncusu idi.

 

Tarixi Börsensaal zalında keçirilən “Azərbaycan gecəsi”ndə iki sərgi ilə yanaşı, virtouz caz ifaçısı İsfar Sarabskinin konserti də olub.

 

“Almanlar Azərbaycanda” sərgisində nümayiş olunan fotoşəkillər Azərbaycanın indiki Göygöl rayonunda, Yelenendorf (Göygöl), Annenfeld (Şəmkir), Georqsfeld (Çinarlı) və Qrunfeld (Vurğun) yaşayış məntəqələrində məskunlaşmış və əsasən şərabçılıqla məşğul olan almanların həyatını, məişətini və əməyini əks etdirir. Digər sərgidə isə Almaniyada heç vaxt olmayan gənc azərbaycanlı rəssamlarının yaradıcı təxəyyüllə Almaniya haqqında çəkdikləri rəsmlər nümayiş olunub.

 

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iki ölkə arasında olan münasibətlərinin dinamik inkişafından danışdı. O, neft və qaz ehtiyyatları ilə bol olan Azərbaycanın mədəni və musiqi ənənələri ilə də zəngin olduğunu, müsəlman Şərqində ilk operanın, ilk baletin Azərbaycanda yaradıldığını söylədi. Muğam, caz və pop musiqisinin Azərbaycanda çox populyar olduğunu və muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirdi.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və burada ümumbəşəri əhəmiyyət kəsb edən yüzlərlə mədəniyyət abidəsinin erməni silahlı qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırdı.

 

Gecənin təşkilində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir Fondun çoxsaylı sosial-mədəni layihələr həyata keçirməsi ilə yanaşı, Azərbaycan-Alman mədəni əlaqələrinin genişlənməsinə də böyük töhfə verdiyini qeyd etdi.

 

Tədbirin aparıcısı, Almaniyanın tanınmış telejurnalisti Co Fexner konsert proqramından əvvəl Azərbaycan barədə məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini demişdir. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Co Fexner Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirdi.

 

Aparıcı qonaqları Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın Azərbaycanla digər ölkələrin mədəni əlaqələrinin inkişafı sahəsində, həmçinin Azərbaycanın zəngin və qədim mədəniyyətinin dünyada tanıdılması yolunda yorulmaz fəaliyyəti haqda məlumatlandırdı.

 

Tədbir İsfar Sarabskinin caz ansamblının konserti ilə davam etdi.

 

Konsertdən sonra qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondunun Azərbaycan tarixi, mədəniyyəti, incəsənətinə dair müxtəlif nəşrləri, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər təqdim edildi. Gecədə 5 dildə çap olunmuş “Azərbaycan caz antologiyası” nəşrinin təqdimatı da oldu.

 

Bununla da bu il Almaniyada Heydər Əliyev Fondu tərəfindən nəzərdə tutulmuş tədbirlər sona çatdı.


FOTO

VİDEO