024.jpg
10 dekabr 2013

Fransanın Miluz şəhərində Məhsəti Gəncəvinin 900 illiyinə həsr edilmiş sərgi və konsert olub

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə dekabrın 10-da Fransanın Miluz şəhərində müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib.

 

Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun üstündə, Şərqlə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırladıb.

 

Azərbaycanın dünya ədəbiyyatına və musiqisinə dahilər bəxş etdiyini diqqətə çatdıran aparıcı Şərq aləmində ilk demokratik respublikanın da Azərbaycanda qurulduğunu, burada 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, müsəlman dünyasında ilk dünyəvi teatrın, operanın, baletin və milli akademiyanın yarandığını, Azərbaycanın yeraltı sərvətlərlə yanaşı, tarixi və mədəni irslə də zəngin olduğunu bildirib.

 

O, Azərbaycanla Fransa arasında mədəni əlaqələrin özünəməxsus tarixi köklərə malik olduğunu söyləyib: “Böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) XIX əsrin ikinci yarısında Azərbaycana səyahəti, Jorj Sandın məşhur “Koroğlu” epik poemasını fransız dilinə tərcümə etməsi, XX əsrin əvvəllərində Parisdə “Qafqaz” məcmuəsinin çap olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb yaratması və nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm rol oynayan prezident Şarl de Qol ilə Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı dostluğun parlaq nümunəsidir”.

 

“Tarixən yaranan dostluq əlaqələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün də davam edir və möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq hadisədir.

 

Keçən ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgi və konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin davamıdır”, - deyə Alen Tremoliyer bildirib.

 

Aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə yaşayıb yaratdığını xatırladıb, Gəncənin 2016-cı ilin “Avropanın gənclər paytaxtı” seçildiyini bildirib.

 

Tədbirdə çıxış edən Yuxarı-Alzas Universitetinin ədəbiyyat fakültəsinin dekanı xanım Greta-Komur-Thilloy Məhsəti Gəncəvi yaradıcılığının əsas məziyyətlərindən danışıb, azərbaycanlı şairənin əsərlərində bəşəri ideyalardan söhbət açdığını diqqətə çatdırıb.

 

“Xocalı-613” əsərinin bəstəkarı Pyer Tilua çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu deyib, tamaşaçılara xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri haqda məlumat verib.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında mədəni tədbirlərin keçirildiyini xatırladıb, bu konsert və sərginin 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu bildirib.

 

Sonra incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və xalq yaradıcılığı nümunələri səsləndirilib.

 

Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə təşkil olunan sərgi isə Fransanın “Fundari” sarayında açılıb.

 

Sərgini açan Yuxarı-Alzas Universitetinin rektoru xanım Kristin Gangloff Ziegler Gəncədə səfərdə olduğunu və Məhsəti Gəncəvinin abidəsinə baş çəkdiyini xatırladıb. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetləri ilə əməkdaşlıq perspektivlərindən və tələbə mübadiləsi imkanlarından söhbət açıb.

 

Miluz şəhərinin meri Jan Rottner iki xalq arasında dostluq əlaqələrinin inkişafında bu cür sərgi və konsertlərin təşkilinin mühüm rol oynadığını bildirib. O, Heydər Əliyev Fondunun Azərbaycanı Fransada tanıtmaq məqsədilə həyata keçirdiyi mədəni tədbirləri yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlıqda iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də mühüm rol oynadığını qeyd edib.

 

Səfir Elçin Əmirbəyov isə sərgi iştirakçılarına Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqda məlumat verib. E.Əmirbəyov şairənin əsərlərində əks olunan ideyaların və fikirlərin səsləndiyi vaxtdan 900 il keçməsinə baxmayaraq, onların bu gün də öz aktuallığını itirmədiyini bildirib.

 

E.Əmirbəyov bildirib ki, şairəni dünya ictimaiyyətinə yaxından tanıtmaq məqsədilə onun fars və ərəb dillərində yazdığı əsərlər Heydər Əliyev Fondu tərəfindən xarici dillərdə nəşr etdirilib.

 

E.Əmirbəyov Parisdə, Reymsdə və Miluzda təşkil olunan sərgilərdə şairənin yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu qeyd edib.

 

Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin rəsmiləri, deputatlar, senatorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təmsilçiləri iştirak ediblər.

 

Sərgi dekabrın 20-dək davam edəcək.


FOTO