007.jpg
27 dekabr 2013

Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi açılıb

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilmiş “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva sərginin açılış mərasimində iştirak ediblər.

 

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və digər nüfuzlu qonaqların iştirak etdikləri tədbirdə layihənin ideya müəllifi Leyla Əliyeva çıxış edərək dedi:

 

- Əziz qonaqlar.

 

Sizi ürəkdən salamlayıram və Heydər Əliyev Mərkəzində görməyə çox şadam. Bu, nadir, gözəl bina əsl mədəniyyət mərkəzinə çevrilib. Heydər Əliyev Mərkəzi 2012-ci ildə açılıb və qısa zamanda fəaliyyətini genişləndirib. Burada konsertlər, sərgilər, müxtəlif forum və görüşlər keçirilir.

 

Bu axşam biz birlikdə “Fly To Baku” sərgisini açırıq. Bu sərgi iki ildir ki, yaşayır və Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Sərgi Avropanın altı ölkəsində keçirilib və böyük maraqla qarşılanıb. Bu sərgi Heydər Əliyev Mərkəzində iki ay davam edəcək və bununla da layihə sona çatacaqdır. Əminəm ki, sərgi Bakıda da böyük maraq doğuracaqdır. Sizə xoş axşam arzulayıram.

 

Belə sərgilərin gələcəkdə də təşkil olunacağını deyən Leyla Əliyeva gənc rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirdi. Layihənin ideya müəllifi vurğuladı ki, sərgi Azərbaycanın müasir rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl fürsət oldu.

 

Tədbir iştirakçılarını salamlayan “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff ekspozisiyanın açılışında, ümumilikdə layihədə iştirak etməkdən şərəf duyduğunu bildirdi. Sərginin uğurla keçməsindən sevindiyini deyən Erve Mikaeloff dedi ki, gələcəkdə belə layihələrin sayı çox olacaqdır.

 

Sonra sərgi ilə tanışlıq oldu.

 

Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri də yer alıb.

 

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub.

 

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.


FOTO

VİDEO