Moskvada, Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının Xalq Rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisinin açılış mərasimi olmuşdur.
“Qəlbin iki qanadı” adlanan bu sərgi Heydər Əliyev Fondunun RF-dəki Nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu giriş sözündə Azərbaycan rəssamının öz tarixi Vətəninin və uzun illər boyu yaşadığı Rusiyanın gözəlliklərini tərənnüm edən yüksək yaradıcılığını Rusiya ictimaiyyətinə təqdim etmək imkanı yaradılmasına görə Heydər Əliyev Fondunun Nümayəndəliyinə və kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmişdir. P.Bülbüloğlu Əsgər Məmmədovun istedadını yüksək qiymətləndirərək xüsusi vurğulamışdır ki, bu sərgi rəssamın bənzərsiz və təkrarsız sənəti vasitəsilə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi baxımından əlamətdar hadisədir.
Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Qeniyeva öz çıxışında bu kitabxanada Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılmasına və belə gözəl tədbirlər keçirilməsinə görə Heydər Əliyev Fondunun nümayəndəliyinə təşəkkürünü bildirmişdir. Y.Qeniyeva Ə.Məmmədovu sərgisinin açılışı münasibətilə təbrik edərək, onun bənzərsiz istedadını xüsusi vurğulamış və RF-nin mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubunu oxumuşdur.
Daha sonra mərasimdə Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Nisə Mustafayevanın, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun, habelə Ə.Məmmədovun həmkarlarının, dostlarının və onun istedadının pərəstişkarlarının təbrikləri də səslənmişdir.
Sonda Əsgər Məmmədov Moskvada onun fərdi sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun Nümayəndəliyinə və Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya, habelə bu təşəbbüsü dəstəkləmiş bütün insanlara təşəkkürünü bildirmişdir. Ə.Məmmədov xüsusi qeyd etmişdir ki, əbədi insani dəyərlər – sevgi və dostluq hissləri həmişə onun yaradıcılığının əsas mənbəyi olmuşdur. Sərginin “Qəlbin iki qanadı” adlanması isə Azərbaycanı və Rusiyanı nəzərdə tutur.
Sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən Xocalı faciəsinə, Qarabağ dağlarına, ölkəmizin tarixinin müxtəlif mərhələlərinə həsr edilmiş əsərləri təqdim olunmuşdur. Parçalanmış ürəyin rəmzi olan kəsilmiş narın təsvir edildiyi rəsmlər, “Sarı gəlin” və başqa işlər xüsusilə diqqəti cəlb edir. Rusiya mövzusuna həsr edilmiş rus qışı, ağcaqayın ağacları, rus şimalı və başqa rəsmlər də tamaşaçıların diqqətini cəlb edir.
Rəssamın əsərləri indiyə qədər Moskva, Bakı, Türkiyə, İspaniya, İsrail, Almaniya və Kiprdə nümayiş etdirilmişdir. Onun rəsmlərinin çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyaları və qalereyaları bəzəyir.
Sərgi 2012-ci il martın 11-dək davam edəcəkdir.