01_mahsati gancavi.JPG
21 yanvar 2014

Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin açılışı olub

Yanvarın 21-də Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Oxu zalında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətini işıqlandıran kitablar yer alır. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Məhsəti və Nizaminin ədəbi irsini, Azərbaycan xalçaçılığının zənginliyini işıqlandıran kitablar da burada sərgilənir. Mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən ilin noyabr və dekabr aylarında Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş sərgi və konsertlərdən fotolar da nümayiş olunur.

 

Mərkəzdə milli musiqi alətləri sərgisi yaradılıb. Burada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri və musiqisi haqqında geniş elmi məlumatlar əldə etmək mümkündür. Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də İntibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında isə Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

 

Prezident İlham Əliyev Mərkəzin ətrafını və Məhsəti parkını gəzdi.

 

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi və müvafiq tapşırıqlarını verdi.


FOTO

VİDEO