7.gif
27 fevral 2014

Parisdə Tahir Salahovun fərdi sərgisi açılıb

Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində iştirak edib.

 

Sərgidən əvvəl Mehriban Əliyeva tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış oldu.

 

Sonra sərginin açılış mərasimi keçirildi.

 

Fransa İncəsənət Akademiyasının daimi katibi Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada da böyük marağın olduğunu bildirdi, ölkəsinin hər zaman Tahir Salahovun yaradıcılığı ilə təmasdan böyük şərəf duyduğunu qeyd etdi.

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirdi: “Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır”.

 

Xalq Rəssamı Tahir Salahov sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlıq etdi, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

 

Sonra qonaqlar sərgi ilə tanış oldular.


Mərasimdə Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri iştirak ediblər.

 

X X X

 

Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.

 

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.


FOTO

VİDEO