001.gif
6 may 2014

Heydər Əliyev Mərkəzində fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılıb

Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.

 

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirib.

 

Lorens Cenkellin sərgisi haqda danışan Anar Ələkbərov bir neçə ay davam edəcək sərginin çox maraqlı olacağını deyib. Onun sözlərinə görə, Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız Qalası” V Beynəlxalq incəsənət festivalının təqdimat mərasimi keçirilir. Artıq ənənəyə çevrilmiş festivalda bu il 26 ölkədən 28 rəssam təmsil olunur. Festival çərçivəsində xüsusi təqdimatlar olacaq və mayın 9-da festivalın bağlanış mərasimi keçiriləcək.

 

Lorens Cenkell isə sərgidə nümayiş olunan əsərləri haqqında danışıb. Onun sözlərinə görə, təqdim olunan konfet heykəllər bütün duyğu orqanlarını hərəkətə gətirən yeganə sənət nümunəsidir.

 

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. Onlar əvvəlcə “Qız qalası” festivalında yer alan əsərlərə, daha sonra Lorens Cenkellin əsərlərinə baxıblar.

 

Müəllifin ümumilikdə 27 əsərinin təqdim edildiyi sərgidə müxtəlif ölkələrin bayraqlarının konfet şəklində heykəlləri təqdim olunur. Onların arasında Azərbaycan bayrağının heykəli də var.

 

Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görmək imkanı qazanıblar.

 

Lorens Cenkellin əsərləri indiyədək dünyanın 25-dən çox ölkəsində nümayiş olunub.

 

Sərgi oktyabrın 31-dək davam edəcək.


FOTO

VİDEO

Paylaş: