DSC_2787.jpg
6 iyun 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə Yunanıstanda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub

İyunun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.

 

Konsertdə Yunanıstanın dövlət və hökumət rəsmiləri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak ediblər.

 

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini bildirib.

 

“Azərbaycan musiqisi mövsümü”nün ilk tədbirinin geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran Rəhman Mustafayev bildirib ki, xüsusi informasiya bazasında yaradılmış www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.

 

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan musiqiçilərinin konserti başlayıb.

 

Konsertdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib.

 

Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli, həmçinin Aygün Zeynalova (sopran), Azər Rzayev (tenor), Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano), Şəhriyar İmanov (tar) çıxış ediblər.

 

Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlər nümayiş etdirilib. Qədim Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər, eləcə də böyük mütəfəkkirlər Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərləri yer alıb.

 

Sonda qonaqlara ziyafət verilib.


FOTO

VİDEO