015.jpg
28 may 2014

Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi keçirilib

Mayın 28-də Strasburqda, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi keçirilib. Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.

 

Tədbirdə çıxış edən nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov bu gün Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğunu, ölkəmizdə ayrı-ayrı etnik qrupların mədəniyyətinə və dininə yüksək tolerantlıq göstərildiyini, onların dillərinin, dinlərinin, mədəniyyətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib.

 

Diplomat “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunduğunu xatırladıb. O bildirib ki, sərgidə nümayiş olunan müxtəlif eksponatlar Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin göstəricisidir: “Bu əsərlər Azərbaycanın mədəni irsini və mədəni müxtəlifliyini əks etdirir. 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunan belə sərgilər fransızların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan verir”.

 

Emin Eyyubov Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm rol oynadığını, Fondun təşəbbüsü ilə Fransada bir çox tarixi və mədəni abidələrin bərpa edildiyini də söyləyib.

 

Avropa Şurasının baş katibinin müavini Qabriella Battoni-Draqoni çıxışında 2011-ci ilədək qurumda mədəniyyət bölməsinə rəhbərlik etdiyini, həmin dövrdə qurumun Azərbaycan ilə birlikdə Bakıda şəhərlərarası layihələr, mədəni irslə bağlı müxtəlif tədbirlər həyata keçirdiyini, 2008-ci ilin dekabrında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Avropa İttifaqının, UNESCO nümayəndələrinin, Ərəb Liqası ölkələrinin və digər beynəlxalq təşkilatların iştirakı ilə mühüm konfrans təşkil olunduğunu xatırladıb.

 

Konfrans zamanı Azərbaycan mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olduğunu diqqətə çatdıran baş katibin müavini “Gülüstan” sarayında nümayiş etdirilən çoxlu sayda xalça kolleksiyasının, musiqi alətlərinin, qədim silahların və incəsənət əsərlərinin onda xüsusi təəssürat oyatdığını, bu eksponatlar sayəsində Azərbaycanın zəngin mədəni dəyələrə malik ölkə olduğunu vurğulayıb. “Azərbaycanın zəngin mədəni dəyərləri bütün dünyaya nümunədir”, - deyə o, bildirib: “Azərbaycandan bir çox sivilizasiyaların keçdiyinin şahidi oldum. Əlbəttə, həmin sivilizasiyalar bugünkü Azərbaycana öz töhfəsini verib. Azərbaycanın mədəni irsi müxtəlifdir və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun arxitekturası, Qobustan və “Atəşgah” kimi abidələr, Qəbələ arxeoloji qazıntıları dünyanın ən qiymətli mədəni irsləridir”.


FOTO