ROSTROPOVICH FESTIVALI-YEKUN.JPG
10 dekabr 2011

Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 10-da yekun vurulmuşdur.


Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivalı böyük mədəni hadisə kimi qiymətləndirmişdir. Bildirmişdir ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.


F.Əliyeva demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramına çevrilir. Yeddi gün davam edən festivalda məşhur musiqiçilərin və musiqi kollektivlərinin ifasında dünya klassiklərinin əsərləri səsləndirilir. Bu ənənə bundan sonra da uğurla davam etdiriləcəkdir.


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Paris kamera orkestrinin çıxışı ilə beynəlxalq festivala yekun vurulmuşdur. Konsertin dirijoru Lourens Foster (ABŞ), solisti Jan-İv Tibode (Fransa - piano) olmuşdur.


Konsertdə Q.Fore, K.Sen-Sans, İ.Stravinski, F.Şubertin əsərləri səsləndirilmişdir.


Konsert böyük maraqla qarşılanmışdır.



FOTO