02.JPG
26 may 2010

“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalının açılışı olub

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə mayın 26-da “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalının açılışı olub.

 

Festival Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşıyır.

 

UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş İçəri Şəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi olan Qız Qalası Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.

 

Layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Festivalın açılışında rəssamlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar.

 

Mayın 26-dan 28-dək İçəri Şəhərə, Qız Qalasının qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı əldə edə bilər.

 

Festivalın sonunda Bakı sakinləri və şəhərimizin qonaqları rəssamların əsərlərindən ibarət sərgiyə baxmaq imkanı da qazanacaqlar.


FOTO