1.JPG
7 fevral 2018

Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub

Fevralın 7-də Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub.

 

Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər.

 

Dövlət Dumasının sədri Vyaçeslav Volodin mərasimdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və bu günü ilə tanış olmağa imkan verən bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqları İkinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizə aparıblar, bu gün də bizim dostluğumuz möhkəmlənir və inkişaf edir. Bu cür tədbirlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, mühüm aktual məsələlərin müzakirəsinə şərait yaradır. “Prezidentlərimiz İlham Əliyev və Vladimir Putin tərəfindən qəbul olunan qərarlar ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edir. Biz həmkarım Oqtay Əsədovla birlikdə əlaqələrimizin getdikcə inkişafı, bir-birimizi daha yaxşı anlamaq üçün qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinə şərait yaradacağıq”, - V.Volodin deyib.

 

Dövlət Dumasının sədri qeyd edib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi sərgi vasitəsilə rusiyalılar həm də Azərbaycanın görməli yerləri ilə tanış olacaq, bu ölkənin turizm imkanlarından istifadə edəcək, öz istirahətlərini burada keçirmək barədə düşünəcəklər.

 

Milli Məclisin sədri Oqtay Əsədov sərginin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd edib ki, bu cür görüşlər və sərgilər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına kömək edəcək. O deyib: “Münasibətlərimizin inkişafında prezidentlər İlham Əliyev və Vladimir Putinin qarşılıqlı rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Bu səfərlər və görüşlər nəticəsində ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə daha da inkişaf edəcək. Rusiya Federasiyasına rəsmi səfərlərindən birində Prezident İlham Əliyev bildirib ki, əgər bütün dünyada münasibətlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər kimi olsaydı, dünyada problem olmazdı. Zənnimcə, bu sözlər Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsini daha dolğun ifadə edir”.

 

Azərbaycan parlamentinin sədri sərginin təşkili üçün yaradılmış şəraitə görə Rusiya Dövlət Dumasının rəhbərliyinə və deputatlara təşəkkür edib.

 

Sərginin açılışında, həmçinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, “Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışıblar.

 

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi Dövlət Dumasında xarici ölkəyə həsr olunmuş ilk sərgidir. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik olan qədim, eyni zamanda, sürətlə inkişaf edən ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən eksponatlar nümayiş etdirilir.

 

Bir neçə bölmədən ibarət sərgidə ziyarətçilər Azərbaycan həqiqətlərinə, mədəniyyətinə dair eksponatlarla, foto və video materiallarla tanış olacaqlar. İnformasiya bölməsində Azərbaycan haqqında bukletlər, broşürlər, turizm xəritələri, ölkəni ziyarət etmək imkanları, viza alınması, aviauçuşların və turların təşkili barədə məlumatlar, Bakının “Ekspo 2025”ə namizəd şəhər olması ilə bağlı materiallar təqdim edilir. Burada, həmçinin Azərbaycanın turizm potensialı barədə məlumatlar yer alıb. Stenddə Azərbaycanın milli suvenir brendi olan “I love Baku”nun ölkəmizə aid müxtəlif suvenirləri də yer alıb.

 

Ekspozisiyanın “Azərbaycan inciləri” bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Ziyarətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri də təqdim edilir. Ölkənin hər bir bölgəsinə xas milli geyimlər rəng, naxış və biçimi ilə fərqlənir.

 

Sərgiyə gələnlərə məlumat verilir ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşıq sənəti min illərdir yaşayır. 2008-ci ildə muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sırasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu bölmədə quraşdırılan monitorlarda videomateriallar nümayiş olunur.

 

“İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiyada işlədiyi dövrləri, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada, həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb.

 

“Azərbaycanın tarixi” bölməsində isə qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.


FOTO

VİDEO