7.JPG
28 sentyabr 2018

Nəsimi festivalının təntənəli açılışı olub

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi keçirilib.

 

Görkəmli mədəniyyət xadimlərinin, eləcə də musiqisevərlərin qatıldıqları açılış konsertində Nəsimi yaradıcılığından nümunələr təqdim olunub.

 

Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı" və İsmayıl Hacıbəyovun "Memorial" əsərlərindən parçalar təqdim edib.

 

Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusufun çıxışı gecəyə xüsusi rəng qatıb. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusuf ən populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib, Nəsimi şeiriyyətinin əbədiyaşarlığından danışıb. Nəsimiyə həsr etdiyi kompozisiya və onun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” alqışlarla qarşılanıb.

 

Gecədə, həmçinin Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını təqdim edib.

 

Heydər Əliyev Mərkəzində təşkil olunan gecədə Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edib. Ansamblın repertuarı XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyalarından ibarət olub.

 

Qeyd edək ki, festivala sentyabrın 30-da yekun vurulacaq.


FOTO