02.JPG
14 fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

 

VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyi bildirilib. Qeyd edilib ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib.

 

Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

 

“İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

 

Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşüb.

 

Qeyd edək ki, fevralın 14-də “İmamzadə” kompleksində Mehriban Əliyevanın adından ehsan süfrəsi verilib.


FOTO

VİDEO

Paylaş: