1.jpg
13 mart 2019

VII Muğam Televiziya Müsabiqəsinin ilk günündə xalq mahnıları səsləndirilib

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi yenidən muğamsevərləri bir araya gətirib.

 

Azərbaycan Televiziya və Radiosu, eləcə də “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanan müsabiqənin ilk günü xalq mahnılarına həsr edilib. Əvvəlcə ustad sənətkar Cabbar Qaryağdıoğıunun Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılan lent yazısı nümayiş olunub.

 

Səhnəyə dəvət olunan gənc ifaçılar xalq mahnılarını səsləndiriblər.

 

Dörd ay davam edəcək builki müsabiqədə 20 iştirakçı qələbə naminə mübarizə aparır. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək. VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib . Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır.

 

Münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

 

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni dövrünü yaşayır, ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların sədası böyük səhnələrdən gəlir və gənclərimiz milli musiqimizi həm vətənimizdə, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilən və öz uğurlu davamını tapan Muğam Televiziya müsabiqələrinin laureatları sırasında elə xanəndələr var ki, hazırda onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenada sevilməsi Heydər Əliyev Fondunun, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində əldə edilib.

 

Muğama həvəs və məhəbbət xalqımızın genetikası ilə yaranıb desək, yəqin ki, yanılmarıq. Çünki bu sənət nəsildən-nəslə ötürülüb və yaşadılıb. Bu gün isə qədim sənətə cəmiyyətimizdə yeni baxış meydana gəlib. Elə bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir keçirilən müsabiqə gənc xanəndələr üçün təkcə sınaq meydanı deyil, eyni zamanda məktəb və ibrət dərsidir.

 

Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində Azərbaycan Televiziya və Radiosu, eləcə də “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.