0.jpg
31 may 2007

Heydər Əliyev Fondu ilə “Or-Avner” Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Mayın 31-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 


Mehriban xanım qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Fond yarandığı vaxtdan Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği, əhalinin sağlamlığının mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr həyata keçirmişdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə Fondun təşəbbüsü ilə 200-ə yaxın müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Fond BMT-nin İnkişaf Fondu ilə birlikdə “Kor və görmə qabiliyyəti zəif olan insanların İnformasiya Texnologiyalarına çıxışının təmin edilməsinə dair” layihəni uğurla başa çatdırmışdır. Ötən il Latın Mədəniyyəti Akademiyası və Vaşinqton Elmlər Akademiyası ilə birgə keçirilən konfranslar da səmərəli olmuşdur. Fond Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar üçün müasir təhsil kompleksi inşa etməklə yanaşı, Fransanın Versal sarayında və parkında iki abidənin də bərpa işlərini aparır. Fondun “Dini tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıda Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması başa çatdırılmışdır.


Mehriban xanım Əliyeva dünyanın ən inkişaf etmiş xalqlarından biri olan yəhudilərin Azərbaycanda qədim tarix və mədəniyyətinin mövcudluğunu xatırladaraq, yəhudi uşaqları üçün təməli qoyulan təhsil mərkəzinin inşasının da ölkəmizdə tolerantlığın yeni bir təzahürü olduğunu bildirdi. Bundan əvvəl də dünya yəhudilərinin nüfuzlu təşkilatları ilə Fond arasında əlaqə yaradıldığını bildirdi, “Or-Avner” Beynəlxalq Fondu ilə əməkdaşlığın da səmərəli olacağını söylədi.


Lev Levayev Azərbaycan Prezidenti ilə görüşlərinin qəlbində silinməz iz qoyduğunu bildirdi, Mehriban xanımın rəhbərlik etdiyi Fondun ölkə daxilində və xaricdə kifayət qədər nüfuzlu bir qurum kimi tanındığını, qəbul edildiyini vurğuladı. O, rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini söylədi.


Heydər Əliyev Fondu ilə “Or-Avner” Fondu arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalandı. Sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və “Or-Avner” Fondunun prezidenti Lev Levayev imzaladılar.


Lev Levayev AzərTAc-ın müxbirinə müsahibəsində dedi ki, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyətini yüksək qiymətləndirirəm, Bakıda təməli qoyulan yəhudi təhsil mərkəzinin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına səmərəli kömək göstərəcəyinə inanır və imzalanan sazişin real nəticələri olacağına əminəm. O, əlavə etdi ki, rəhbərlik etdiyi qurum 1992-ci ildə yaradılmışdır, Rusiyada fəaliyyət göstərir. Heydər Əliyev Fondu kimi genişmiqyaslı layihələr həyata keçirməsə də, MDB ölkələrində xeyli sayda təhsil kompleksi inşa etmiş, səhiyyə və sosial yönümlü layihələri reallaşdırmışdır.


FOTO

Paylaş: