01.jpg
15 iyun 2019

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.

 

İyunun 15-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.

 

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.

 

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

 

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.

 

Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.

 

İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.

 

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

 

Qalib xanəndələr “Qarabağ şikəstəsi”ni ifa ediblər.


FOTO

Paylaş: