01- Qabala-festival-yekun.jpg
5 avqust 2019

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 5-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 31-də başlanan və altı gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

 

Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik və Azərbaycan Dövlət Simfonik orkestrlərinin konsertlərini, “Cello Extravaganza” və dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramlarını, “Kiyev virtuozları” simfonik və Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrlərinin, “Naz-nazı” muğam qrupunun müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, “Clarte” klarnet kvartetinin, Türkiyədən gəlmiş “Trio Miraculum” qrupunun çıxışlarını izləmək imkanı qazanıblar.

 

Avqustun 5-də axşam Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, rayon rəhbərliyi, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

 

Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

 

İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə keçən konsertdə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri ifa edilib.

 

Solistlər Mariya Buynosova (Rusiya), Modestas Sedleviçius (Litva) və Umid İsrailovun (Özbəkistan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” ifa ediblər.


FOTO

Paylaş: