2.jpg
31 avqust 2021

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da maraqlı məqamlarla zəngin idi.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.

 

Əvvəlcə xalımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”, - deyən Xalq şairi bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirib.

 

“Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri əslində sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda, çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi”, - deyə Sabir Rüstəmxanlı deyib.

 

Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağa dönüş” poemasından bir parçanı oxuyub.

 

Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Əli Kərim poeziya evi”nin rəhbəri, şair İbrahim İlyaslı, “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Faiq Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseyinovun ifaları dinlənilib.

 

“Nizamidən Vaqifə” adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

 

Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.

 

Bu tədbir bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı yenidən ucalır.


FOTO