003.JPG
17 sentyabr 2008

“Gülüstan” sarayında “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” layihələrinin təqdimatı olub

Sentyabrın 17-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” layihələrinin təqdimatı olmuşdur.


Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacibəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.


“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən kitabı əsasında hazırlanmışdır. Nəşrin birinci hissəsində Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret faktlarla işıqlandırılmışdır. Burada 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmışdır. İkinci hissədə dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif materiallar toplanmış, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilmişdir.


Kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.


“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri toplanmışdır.


“Azərbaycanın muğam ensiklopediyası” layihəsi isə Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. “Muğam ensiklopediyası” kitabında, ümumilikdə, 1300-ə yaxın mətn, 200-dən çox şəkil vardır. Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban xanım Əliyevadır.


Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsinin qaliblərinin çıxışlarına qədər 260 video və audio materiallar MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanmışdır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, bütün halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

 

Mərasimi layihələrin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva açdı.


Sonra Mehriban xanım Azərbaycan incəsənət xadimləri ilə səmimi söhbət etdi, onların qayğıları ilə maraqlandı və xatirə şəkli çəkdirdi.


Təqdimat mərasimi incəsənət ustalarının çıxışı ilə başa çatdı.


FOTO