001.JPG
11 aprel 2008

Heydər Əliyev Fondunda xalq artisti Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomunun təqdimatı olub

Aprelin 11-də Heydər Əliyev Fondunda Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan xalq artisti, bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomunun təqdimatı olmuşdur.


Heydər Əliyev Fondunun hazırladığı bu albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə 1994-cü il martın 19-da Bakı metrosunda törədilmiş terror aktının qurbanı olan Rafiq Babayevin simasında erməni təcavüzü və terroru nəticəsində həlak olmuş bütün insanların xatirəsinə həsr edilmişdir.


Layihənin həyata keçirilməsi üçün yaradılmış işçi qrupuna bəstəkarın ailə üzvləri, yaxın həmkarları cəlb olunmuşdular. MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materiallar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən və yüksək poliqrafik səviyyədə buraxılmış kitab, nadir videoyazılar olan 2 DVD və onun əsərlərindən ibarət 8 CD daxildir. Disklər “SONY” firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək yazılmışdır.


Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin, rəsmi şəxslərin iştirak etdikləri təqdimat mərasimi Rafiq Babayevə həsr olunmuş filmin nümayişi ilə başlandı.


Layihənin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə çıxış etdi.


Rafiq Babayevin ailəsi adından çıxış edən qızı Fərziyyə Babayeva nəcib təşəbbüsünə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.


Mehriban xanımın Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinin böyük önəm daşıdığını vurğulayan kinorejissor, xalq artisti Oqtay Mirqasımov yeni albomu Heydər Əliyev Fondunun mədəniyyətimizə növbəti töhfəsi kimi qiymətləndirdi. O, televiziya muğam müsabiqələrinin milli musiqimizin qorunmasındakı roluna da toxundu, bunun müqəddəs bir iş olduğunu söylədi.


Oqtay Mirqasımov Rafiq Babayev ilə bağlı xatirələrini də bölüşdü.


Bu təqdimatın Azərbaycanın bütün musiqisevərlərinin ürəyincə olduğunu bildirən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Rafiq Babayevin sənətini həmişə yüksək qiymətləndirdiyini xatırlatdı. O dedi ki, ulu öndər 1994-cü ilin martında Bakı metrosunda törədilmiş terror aktı barədə danışanda Rafiq Babayevin itkisini xüsusi qeyd edirdi.


Təqdimat mərasimi incəsənət ustalarının çıxışı ilə başa çatdı.


FOTO