006.JPG
15 may 2023

Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndərin yubileyinə həsr olunmuş sərgi açılıb

Mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi olub.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

 

Mərasimi açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

 

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi yazdırmış, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu bildirib.

 

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi həm sovet dövründə, həm də Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərib. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində idarəetmə vektoru köklü surətdə dəyişib.

 

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq, bir-birinin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq kimi möhkəm təməllərə əsaslanan hərtərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rolu xüsusi qeyd edilib. Diqqətə çatdırılıb ki, dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdədir.

 

Vurğulanıb ki, Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib, işğaldan azad edilmiş ərazilərdə hazırda sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra olunur.

 

Tədbirin bədii hissəsində uşaqlar Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.


FOTO