01.JPG
15 may 2023

Rusiya Dövlət Dumasının inzibati binasında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş sərgi təşkil olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Dövlət Dumasının inzibati binasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərgi təşkil edilib.

 

Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən zəngin fotokompozisiya nümayiş etdirilib.

 

Tədbiri TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman açıb.

 

Milli Məclisin sədri Sahibə Qafarova görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Ümummilli Lider Heydər Əliyevin dünya siyasətində dərin iz qoyduğunu vurğulayan S.Qafarova diqqətə çatdırıb ki, 1969-cu ildə Ulu Öndərin Azərbaycanın ali rəhbərliyinə seçilməsi ölkə tarixində böyük dönüşün başlanğıcı oldu. Həmin dövrdə onun məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın qabaqcıl respublikalardan birinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı.

 

Həmçinin Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olduğu illərdə keçmiş İttifaqın iqtisadiyyat, nəqliyyat sisteminin modernləşdirilməsi və iri infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində mühüm xidmətləri qeyd olunub, bu baxımdan Baykal-Amur magistralının tikintisi xüsusi vurğulanıb.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafına əvəzsiz töhfələrindən danışan Milli Məclisin sədri dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında müstəsna rol oynadığını deyib. Bildirilib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub və inkişaf edir. Azərbaycanın Ümummilli Lideri dövlətimizin iqtisadi, enerji siyasətinin əsaslarını qoyub, genişmiqyaslı transmilli layihələrdə iştirakını təmin edib. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış neft strategiyası ölkənin enerji sektorunun təkmilləşdirilməsi və Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə inkişafı üçün əsas olub.

 

Qeyd edilib ki, Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən Ümummilli Lider Rusiya ilə mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün Ümummilli Liderin bütün vəsiyyətləri müvəffəqiyyətlə yerinə yetirilir. Azərbaycan regionun güclü dövlətlərindən birinə və etibarlı siyasi, iqtisadi tərəfdaşa çevrilib. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. İşğalçılar tərəfindən dağıdılmış tarixi şəhər və kəndlərimizin bərpası, məcburi köçkünlərin daimi yaşayış yerlərinə dinc və təhlükəsiz şəkildə qayıtmaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı fəaliyyət həyata keçirilir.

 

Sonra Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Heydər Əliyevin keçmiş SSRİ-dəki fəaliyyətini, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolunu yüksək dəyərləndirib.

 

Sərgidə çıxış edən Dövlət Dumasının fraksiya rəhbəri Gennadi Züqanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini və ürək sözlərini söyləyiblər.

 

Tədbirdə Rusiya Dövlət Dumasının deputatları, fraksiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.


FOTO