1.jpg
21 iyun 2023

6-cı Beynəlxalq Musiqi Festivalı davam edir

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.

 

Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

 

Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.

 

Daş Salnamə Muzeyində isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və Tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər. 

 

Daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu Tural Rafael çıxıblar.

 

İordaniyada anadan olan Macadi Nahhas Beyrut Musiqi Konservatoriyasının məzunudur. O, musiqi karyerasına 1997-ci ildə Jerash festivalında ilk canlı ifası ilə başlayıb. Onun musiqisi ərəb melodiyalarını Kuba və latın cazı ilə birləşdirir

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Tural Rafael piano ifaları ilə tanınır. O, Azərbaycan və xaricdə keçirilən festivalların iştirakçısıdır.

 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.


FOTO