5.jpg
23 iyun 2023

Şuşada “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalının konsert proqramı olub

İyunun 23-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

 

Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev-muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.

 

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

 

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.

 

Daha sonra Bülbülün ev-muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda tanınmış ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum  İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli  “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam  və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.

 

Festival  iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş  qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Qonaqlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

 

İyunun 18-dən başlayan 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 25-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə başa çatacaq.

 

2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən genişmiqyaslı mədəni hadisəyə çevrilib. Həmin festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilir, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunur. Builki festivala da Azərbaycanla yanaşı Böyük Britaniya, Əfqanıstan, Hindistan, İordaniya, İraq, İran, İsrail, Mali, Misir, Özbəkistan, Tacikistan, Türkiyə və Yunanıstandan nümayəndələr dəvət olunub.

 

Onu da qeyd edək ki, işğaldan azad olunandan sonra ilk dəfədir ki, Şuşada da “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının konsertləri keçirilir. 


FOTO