1_resize.jpg
24 iyun 2023

İçərişəhərdə başlayan “Muğam Marafonu” gecə saatlarında da maraqla dinlənilir

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında “Muğam Marafonu” layihəsi başlayıb.

 

Bu dəfə layihədə tanınmış xanəndələrimiz və elektronik musiqiçilərin ifaları səslənib.

 

İyirmi dörd saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəzləyir və onları müşayiət edən heyətlə birgə muğam ifa edirlər. “Muğam Marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir.

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.

 

Festivalla bağlı fikirlərini AZƏRTAC-a bölüşən Əməkdar artist Təyyar Bayramov deyib: “Bu gün musiqi bayramıdır. Artıq 6-cı Beynəlxalq Musiqi Festivalı demək olar ki, ölkəmizdə sona yaxınlaşır. İyunun 18-də festivalın möhtəşəm açılışı oldu. Bir gün sonra bizim Daş Salnamə Muzeyində konsertimiz də keçirildi. Festival çərçivəsində ölkəmizin demək olar ki, hər bir guşəsində konsertlər təşkil edilir, eyni zamanda müsabiqə də keçirildi. Mənim üçün xoşdur ki, tələbəm Mirəli Sarızadə müsabiqədə birinci yerə çıxdı. Bizim digər iştirakçımız, gənc xanəndə Daşqın Kürçaylı ikinci yerə layiq görüldü. Mən onların hamısını təbrik edirəm”.

 

Bugünkü ifası ilə bağlı danışan Əməkdar artist bildirib: “Bu gün gecədə demək olar ki, bir çox xanəndəmiz iştirak edəcək. Mən də sənət dostlarım - Rəşad İbrahimov, Təbriz Yusubov, Vüsal Bayramovla birlikdə şur muğamı və dəsgahını ifa etdim. Auditoriya bizi çox gözəl qarşıladı”.

 

Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir.


FOTO