6_resize.jpg
26 iyun 2023

Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub.

 

Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, festivalın çoxsaylı xarici qonaqları da iştirak ediblər.

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib. Builki festivalda Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər iştirak ediblər.

 

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən festivalın iştirakçısı Vasımatı Qabrinati deyib: “2009-cu ildə keçirilən birinci Beynəlxalq Muğam Festivalından sonra iştirak etdiyim ən yaxşı festivaldır. Dünyanın hər yerindən müxtəlif janrlarda ifa edən musiqiçiləri, sənətkarları burada görmək çox xoşdur. Biz burada təşkil olmuş tədbirdən zövq aldıq”.

 

Xatırladaq ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub.

 

Növbəti həmsöhbətimiz tələbəsi Matyö ilə Əfqanistandan gəlmiş Daud Xan Sadozaidir. Bakıda olmaqdan məmnunluq duyduğunu deyən ifaçılar festivalın çox gözəl bir şəraitdə keçdiyini söyləyiblər.

 

Onlar Bakıda Beynəlxalq Musiqi Festivalında iştirakı özləri üçün böyük mənəvi sərvət hesab edirlər. Bildiriblər ki, musiqiyə bu qədər böyük sevgi, diqqət və qayğını dünyanın başqa yerində görməyiblər.

 

Festivalın yekun konsertinə “Natiq” ritm qrupu start verib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” ansamblının rəqsi gecəyə xüsusi rəng qatıb.

 

Səhnəyə dəvət olunan Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və Azərbaycanda muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivali ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi barədə danışan münsiflər heyətinin sədri deyib ki, müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparıb.

 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

 

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, səkkiz gün davam edən festivalda çoxsaylı tədbirlər keçirilib: “Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”.

 

Nazir müavini deyib ki, ölkəmizin mədəni həyatında böyük əhəmiyyət kəsb edən bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bölgələrdə də qeyd olundu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad olunmuş muğam-sənət beşiyimiz, mədəniyyət paytaxtımız Şuşa şəhərində, eləcə də Ağcabədidə konsertlər keçirildi.

 

Onun sözlərinə görə, builki “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının bir özəlliyi də, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf etməsindədir.

 

Sonra Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Bədii proqramla davam edən gecədə məşhur kaman ifaçısı İmamyar Həsənovun Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovla birgə ifası səslənib.

 

Konsertlə bağlı təəssüratlarını bizimlə bölüşən hindistanlı musiqiçi Vasumathi Badrinathana Muğam Festivalını gözəl təşəbbüs kimi qiymətləndirib: “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalında Azərbaycan muğam ifaçısı Səkinə İsmayılova ilə birlikdə iki qədim ifa sistemi olan muğam və “Muraagam”ı ifa etdik. Möhtəşəm idi. Dünyanın hər yerindən böyük musiqiçilərin qatıldığı və dünya musiqisini təbliğ edən bu muğam festivalının keçirilməsi gözəl təşəbbüsdür”.

 

Bu gözəl musiqi bayramında bütün iştirakçıların deməyə sözü var. Onlardan biri də İsraildən olan musiqiçi Kraps Maşitovdur: “Mən Şimali İsraildəki Makam Şərq musiqisi məktəbinin prezidentiyəm və məktəbin musiqi direktoru olan həmkarım Nissi Liqasi ilə festivalda iştirak etdik. Burada yəhudi və makam dünyasının hibrid musiqisini səsləndirdik. Biz məktəbimizdə Azərbaycan musiqisi, ərəb, türk, Mərakeş, fars və Qafqazın bir sıra ənənələrini öyrədirik. Musiqi enerji və həyəcanlı bir şəkildə ötürüldükdə hər kəsi cəlb edə bilər”.

 

Festivalın yekun konsertində 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və bu mahnını Xalq artisti Mənsum İbrahimov konsertin bütün iştirakçıları ilə birgə təqdim edib.


FOTO