1_.JPG
16 iyul 2023

Vaqif Poeziya Günlərinə “Vaqif dünyası” tamaşası ilə yekun vurulub

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub.

 

Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.

 

Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu gün doğrudan da böyük bir poeziya bayramı olan Vaqif Poeziya Günlərinin, belə demək olarsa, builki finişinə çatmışıq. Bu gözəl tədbirlə layihənin builki hissəsini yekunlaşdırırıq. Doğrudan da bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.

 

Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub: “Tamaşanın əsas məğzi ondan ibarətdir ki, doğrudan da həmin dövrdə türk xalqlarının ədəbiyyatı paralel inkişaf edib və yaradıcı heyət bir-birini çox rahat başa düşüb, bir-birinin ruhunu hiss ediblər. Bu səhnə əsərində bu mesajları aydın şəkildə görmək mümkündür”.

 

Sonra tamaşa təqdim olunub.

 

Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.

 

Aktyorların məharətli çıxışı səhnə əsərini daha da təsirli edib, tamaşa maraqla qarşılanıb.

 

Qeyd edək ki, bu il Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşada yekunlaşardı.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.


FOTO

VİDEO