15 iyul 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə pianoçuların II Beynəlxalq festivalı başlayıb

İyulun 15-də Qəbələ şəhərində Heydər Əliyev Fondu tərəfindən daha bir möhtəşəm beynəlxalq festival işə başlamışdır.


Açılışı “Qafqaz Resorte” otelində təşkil olunan müsabiqənin püşkatma mərasimi keçirilmiş və birinci turun dinləmələri olmuşdur.


Azərbaycan, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika və Ukraynadan 18 istedadlı pianoçunun təmsil olunduğu bu müsabiqədə 35 yaşadək gənclər istedadlarını nümayiş etdirirlər. Müsiqi yarışmasında Azərbaycan gənc pianoçu Nərgiz Kəngərli ilə təmsil olunur.

 

Müsabiqənin davam etdiyi günlərdə iştirakçılar dünya və Avropa bəstəkarlarının, həmçinin görkəmli Azərbaycan musiqiçisi Tofiq Quliyevin əsərlərini ifa edəcəklər.

 

Ümumilikdə 3 turdan ibarət olacaq pianoçuların II Beynəlxalq müsabiqəsinin birinci turu iyulun 15-16-da, ikinci turu 17-18-də, üçüncü turu isə 19-20-də keçiriləcəkdir. İyulun 22-də finala vəsiqə qazanmış qaliblərlə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinın birgə konserti olacaqdır.


Müsabiqənin ilk turunda gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın “Prelüd və Fuqa” əsərini, V.M.Motsart və Y.Haydnın “Sonata”sını, F.Şopenin “Virtuoz etüdü”nü səsləndirmişlər.

 

Beynəlxalq müsabiqənin münsiflər heyətinə dünya şöhrətli musiqiçilər Serjio Pertikaroli (İtaliya), Xoakin Soriano (İspaniya), Manana Doijaşvili (Gürcüstan), Validə Rəsulova (Azərbaycan–ABŞ), Oqtay Abasquliyev (Azərbaycan), Oksana Yablonskaya (ABŞ), Stin Nokleberq (Norveç), Mirtala Salazar (Meksika), Yu Su Hyun (Koreya), Jeremi Sipman (ABŞ-İngiltərə), Leonid Rozenberq (İsrail), Ju Kenq (Çin-ABŞ) daxildirlər. Münsiflər heyətinin sədri BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayadır.

 

Müsabiqə çərçivəsində amerikalı pianoçu Oksana Yablonskayanın rəhbərliyi ilə gənc ifaçılar üçün dünya şöhrətli musiqiçilərin və münsiflər heyətinin tanınmış üzvlərinin ustad dərsləri təşkil olunacaqdır.

 

Xatırladaq ki, pianoçuların I Beynəlxalq müsabiqəsi də 2009-cu ildə Qəbələdə keçirilmişdi.

 

Pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkarlanmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan bu sahənin incəliklərini öyrənməyə imkan verir.