001.JPG
1 iyul 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Qız qalası” ikinci beynəlxalq incəsənət festivalı başa çatıb

Bakıda, İçərişəhərdə keçirilən “Qız qalası” ikinci beynəlxalq incəsənət festivalı iyulun 1-də başa çatıb.


Bu münasibətlə keçirilən mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.


Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə keçirilən üçgünlük festivalda 20 ölkədən 25 tanınmış rəssam iştirak etmişdir.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mərasimdə çıxış edərək demişdir ki, “Qız qalası” incəsənət festivalının keçirilməsi artıq ənənə halı almışdır. Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşıyan bu festival hər dəfə bir yeniliyi ilə yadda qalır. Ötən il Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müəllifi olduğu əsəri təqdim etməklə festivala öz dəstəyini vermişdi. Bu il isə Leyla xanım Əliyevanın əsəri festivalda nümayiş olunmuşdur.


İdarə rəisi bildirmişdir ki, müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar. İçərişəhərdə Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəssamların yaratdıqları bu işlərdən ibarət sərgi təşkil edilmişdir. Bununla yanaşı, bu nadir əsərlər dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcəkdir.


Bu festival həm də iştirakçı rəssamlarla şəhərimizin sakinlərinin ünsiyyət vasitəsi olaraq mədəniyyətlərarası dialoqa layiqli töhfə vermişdir. M.Cabbarov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.


Festivalın litvalı iştirakçısı, rəssam Skaydra Yançaite Litva və Azərbaycan milli musiqilərindən parçalar səsləndirmiş, sərginin onda zəngin təəssürat oyatdığını, burada yeni dostlar qazandığını bildirmişdir.


Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli Heydər Əliyev Fondunun son illərdə incəsənətimizə və mədəniyyətimizə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulamışdır.


Bildirmişdir ki, festivalın keçirilməsi tariximizi və milli irsimizi qoruduğumuzu göstərir. Bakının rəmzi olan Qız qalası maketlərinin müxtəlif ölkələrə məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin yaxınlaşması baxımından mühüm addımdır.


Meksika Müasir İncəsənət Muzeyinin direktoru Osvaldo Sançez, Özbəkistanın “Karvan” İncəsənət Qalereyasının rəhbəri, sənətşünas Natalya Musina Bakının gözəlliyinə məftun olduqlarını vurğulayaraq Heydər Əliyev Fondunun milli mədəniyyətin inkişafına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini, bu festivalın da yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmışlar.


“Qız qalası” İncəsənət Qalereyasının rəhbəri Emin Məmmədov da ikinci Beynəlxalq incəsənət festivalının uğurla keçdiyini bildirmiş, müxtəlif ölkələrdən olan sənət adamlarının bir araya gələrək bacarıqlarını göstərməsi baxımından tədbiri yüksək qiymətləndirmişdir.


Sonra mərasim iştirakçıları nümayiş etdirilən əsərlərlə tanış olmuşlar. Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında məlumat vermişlər.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da müəllifi olduğu əsərin məziyyətlərindən danışmışdır. Bildirilmişdir ki, hər şeyin zamana tabe olduğunu, digər tərəfdən bu fəlsəfi deyimi hər şeyə şamil etməyin düzgün olmadığı ideyasının təcəssüm tapdığı bu əsərin qayəsi də xalqımızın qədim tarixinin canlı şahidlərindən birinin - Qız qalasının bundan sonra da əsrlər boyu yaşayacağı fikrinin rənglərin dili ilə ifadəsidir.


Leyla xanım Əliyevanın əsəri iştirakçılarda böyük maraq doğurmuşdur.


Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. “Qız qalası” ikinci Beynəlxalq incəsənət festivalı da Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoymuşdur. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Odlar Yurdunun rəmzi hesab olunan bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsi zənginləşdirir.



FOTO