MUQAM MUSABIQASI-YEKUN-MUKAFATLANDIRMA.JPG
10 iyun 2011

“Muğam müsabiqəsi–2011” başa çatıb

İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə dörd ay davam edən “Muğam müsabiqəsi–2011”-in final mərhələsi keçirilmişdir.


Gecədə bu möhtəşəm musiqi bayramında Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Bundan əvvəlki televiziya muğam müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycanın deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir.

 

Bir daha diqqətə çatdırılmışdır ki, cari il fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində “Muğam müsabiqəsi-2011”-in startı verilmişdir. Həmin gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni “Mədəniyyət” telekanalının da açılışı, sözün əsl mənasında bayramı bayrama qatmışdır.

 

Müsabiqənin münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov və Əməkdar İncəsənət Xadimi Nadir Axundov iştirakçılara təqdim olunduqdan sonra söz muğama verilmişdir.

 

Müsabiqənin final mərhələsinə çıxmış 6 gənc ifaçı – Nigar Şabanova, Ariz Hüseynov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Mirələm Mirələmov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan vermişlər. Onların bir-birindən gözəl ifaları tamaşaçıları heyran qoymuşdur.

 

Sonra müsabiqənin qaliblərinin adları elan olunmuş və mükafatlandırma mərasimi keçirilmişdir. “Muğam müsabiqəsi – 2011”-in iştirakçılarından 14 nəfərinə diplomlar təqdim edilmişdir. İştirakçılardan Mustafa Mustafayev “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülmüş və ona üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunmuşdur.

 

Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yerləri tutmuşlar.

 

Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi simvolları olan qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Münsiflər heyəti adından Xalq Artisti Əlibaba Məmmədov çıxış edərək bildirmişdir ki, bu müsabiqə təkcə musiqi yarışması deyildir. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar gətirmişdir. Belə bir nəcib layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

 

Sonra qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa etmişlər.


Möhtəşəm muğam müsabiqəsinin finalı bütün iştirakçıların ifasında Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatmışdır.



FOTO