Fevralın 2-də Heydər Əliyev Fondunda Azərbaycan muğamları ilə bağlı layihələrin təqdimat mərasimini keçirilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Fondun binasında təşkil olunmuş tədbirə dəvət edilən tanınmış musiqişünaslar, muğam ustaları, musiqiçilər, sənətşünaslar əvvəlcə xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxdılar, ulu öndərin nurlu xatirəsini ehtiramla yad etdilər.
Mehriban xanım Əliyeva mərasimi açaraq, Fond barədə iştirakçılara məlumat verdi və bildirdi ki, Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır.
Fondun bu gün həyata keçirdiyi xeyirxahlıq, mərhəmət missiyasından danışan Mehriban xanım Əliyeva Prezident Heydər Əliyevin muğama, bu sənətin ifaçılarına həmişə böyük diqqət göstərdiyini vurğuladı. Azərbaycanda musiqi ənənələrinin yaşadılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin arzu və istəklərinin həyata keçirilməsi baxımından Azərbaycan muğamları ilə bağlı layihələrin təqdimatının əhəmiyyətindən danışdı.
Mərasim iştirakçılarına videolentlər vasitəsilə göstərilən "Muğam-irs", "Muğam-dəstgah", "Muğam-ensiklopediya", "Muğam-internet", "Muğam-antalogiya", "Muğam aləmi" və "Muğam mərkəzi" layihələrində bu musiqi növünün unudulmuş səhifələri yada salındı, hər bir layihə barədə ətraflı məlumat verildi, ustad sənətkarların ifasında ayrı-ayrı muğam parçaları səsləndirildi.
Layihələrin rəngarəngliyi, xronologiya baxımından tarixiliyi və böyük əhəmiyyəti xoş təəssürat doğurdu.
Sonra dəyirmi masa arxasında layihələr barədə müzakirələr aparıldı. Musiqişünas Nigar Axundova, Milli Musiqi Akademiyasının rektoru Siyavuş Kərimi, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, musiqişünas Həsən Adıgözəlzadə, AMEA-nın əməkdaşı Sənubər Bağırova, Bakı Musiqi Akademiyasının professoru Zemfira Səfərova, xalq artistləri, Prezident təqaüdçüləri Habil Əliyev, Canəli Əkbərov, "Space" teleşirkətinin əməkdaşı Nadir Axundov, Bəstəkarlar İttifaqı sədrinin müavini Ramiz Zöhrabov, xalq artisti Ramiz Quliyev, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Paşayeva, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, Dövlət Səsyazmalar Arxivinin müdiri Yaqub Mədətov, Bakı Musiqi Akademiyasının aspirantı Əliağa Sədiyev layihənin Azərbaycan mədəniyyəti, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün çox dəyərli olduğunu söylədilər, təkliflərini verdilər.
Bildirildi ki, Azərbaycanda dünya səviyyəli Muğam Mərkəzini yaratmaqla, muğam simpoziumları keçirməklə kütləvi təbliğat vasitələrində muğam ifaçılığına qədərincə yer verilməklə və təqdim edilən layihələri reallaşdırmaqla xalqımızın böyük sərvəti olan muğamı dünyada daha geniş təbliğ etmək mümkündür.
Mehriban xanım Əliyeva müzakirələri yekunlaşdıraraq öz fikirlərini söylədi, müzakirədə səslənən təkliflərin nəzərə alınacağını, muğamla bağlı hazırlanmış mükəmməl layihənin reallaşması üçün bütün sənət adamlarının köməyindən istifadə olunacağını və belə görüşlərin ənənəyə çevriləcəyini vurğuladı.