1.jpg
8 aprel 2005

“Gülüstan” sarayında “Qarabağ xanəndələri” albomunun təqdimat mərasimi keçirilib

Aprelin 8-də "Gülüstan" sarayında YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" albomunun təqdimatı keçirilmişdir.


YUNESKO-nun xoşməramlı səfiri MEHRIBAN ƏLIYEVA mərasimi açaraq dedi:


- Hörmətli mərasim iştirakçıları! "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminə xoş gəlmisiniz. "Qarabağ xanəndələri" albomu "Muğam-irs" layihəsinin ilk albomudur. Siz hər biriniz bu albomu hədiyyə olaraq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq.


Bu ilin mart ayında YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik toplantısında bu albom təqdim olunmuş və çox böyük diqqət və maraq cəlb etmişdi. Mənim muğam ustaları ilə ilk görüşümdən çox az vaxt keçib, amma bu müddətdə kifayət qədər iş görülübdür. Artıq muğam dəstgahlarının Filarmoniyada səslənməsi bir ənənəyə çevrilibdir. Muğam mərkəzinin inşası barəsində qərar qəbul olunub, muğam ensiklopediyası hazırlanır. Muğam sənətinə həsr olunmuş traktatlar tərcümə edilir və çapa hazırlanır. Bütün bu addımlar bizim birgə səylərimizin nəticəsidir. Mən bu gün Azərbaycanın bütün muğam ustalarına, sənətkarlarımıza, alimlərimizə, muğamı sevən hər bir insana çox dərin minnətdarlığımı və hörmətimi bildirmək istəyirəm.


Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır. Bu yolda hər birimizə uğurlar arzulayıram və mərasimi açıq elan edirəm.


Sonra "Qarabağ xanəndələri" albomunda səs yazısı olan 24 sənətçinin ifasında muğam parçaları səsləndirildi. Xalqımızın bənzərsiz muğam sənəti nümunələri bütün Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, müasir muğam ustalarının ifası böyük maraqla qarşılandı. Muğam ustalarının ürəkləri riqqətə gətirən ifası layihə çərçivəsində "Salnamə" studiyasında rejissor Xamis Muradovun rəhbərliyi ilə hazırlanmış sənədli filmin kadrlarının nümayişi ilə müşayiət olunur, belə nadir sənətkarlar yetirən Azərbaycan torpağının misilsiz gözəllikləri bir daha göz önündə canlanır, sanki indi yağı tapdağında, işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə səsləyirdi. Bəli, belə möcüzəli musiqinin beşiyi olan torpaq düşmən əlində qala bilməz!


"Qarabağ bülbülləri"nin ecazkar səsi, gözəl ifası isə əmin etdi ki, xalqımızın zəngin mədəniyyət xəzinəsi olan muğam sənətimizin gələcəyi etibarlı əllərdədir.


Xalq artisti Habil Əliyev mərasimin sonunda sənət yoldaşları adından çıxış edərək dedi ki, bu gün xalq musiqisi ifaçılarının bayramıdır, amma bu təkcə musiqimizə, ifaçılara yox, xalqımızın milli mədəni sərvətinə verilən qiymətdir. Mən muğamlarımızın qorunmasına, təbliğinə göstərdiyi qayğıya görə YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma bütün sənət adamları adından təşəkkür edirəm. Həqiqətən çox böyük iş görülmüşdür və bu xeyirxahlığa görə hamımız ona minnətdarıq.


Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri, deputatlar, respublikanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak edirdilər.


FOTO

Paylaş: