02.jpg
14 dekabr 2005

Heydər Əliyev Fondunda Beynəlxalq Muğam Mərkəzi tikintisinin layihəsi müzakirə edilib

Dekabrın 14-də Heydər Əliyev Fondunda paytaxtın Dənizkənarı milli parkında yaradılacaq Beynəlxalq Muğam Mərkəzinin binasının layihəsi respublikamızın tanınmış muğam ifaçılarının iştirakı ilə müzakirə olunmuşdur.


Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva muğam ustalarını səmimiyyətlə salamlayaraq bildirdi ki, xalqımızın milli mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan muğam sənətimizin qorunub saxlanması, tədqiqi, öyrənilməsi, dünyaya tanıdılması, gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətdə böyük razılıq hissilə qarşılanır, nüfuzlu beynəlxalq təşkilatlarda, dünyanın bir sıra ölkələrində də çox geniş maraq doğurur. Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş direktoru cənab Matsuuranın iştirakı ilə Milli parkda nadir musiqi məbədinin - Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulduğunu xatırladan Mehriban xanım, tikintinin eskiz və layihəsi, arxitekturası ilə bağlı respublikamızın ən məşhur muğam ifaçılarının fikirlərini öyrənmək istədiyini vurğuladı. İndiyədək 10 layihə təqdim olunduğunu, əsas diqqətin qədim milli və müasir arxitektura elementlərini birləşdirməklə musiqimizin əsas sütunu olan muğam sənətinin dərin fəlsəfəsini özündə təcəssüm etdirən bir kompleksin inşasına nail olmağı arzu etdiyini bildirən Fondun prezidenti, musiqi xadimlərini açıq, işgüzar fikir mübadiləsinə çağırdı.


Sonra layihələrin həm slaydları, həm də kağız üzərində eskizləri göstərildi.


Respublikanın xalq artistləri, professorlar Arif Babayev və Canəli Əkbərov, Habil Əliyev, Ağaxan Abdullayev, Alim Qasımov, Teymur Mustafayev, Mənsum İbrahimov və başqaları milli mədəniyyətimizin zirvəsi olan muğam sənətimizə Mehriban xanımın göstərdiyi qayğını, bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdilər, təqdim olunmuş layihələr barədə öz təklif, tövsiyə və fikirlərini bildirdilər.


Müzakirələrin əhəmiyyətli olduğu, qarşılıqlı fikir mübadiləsinin bundan sonra da davam etdiriləcəyi vurğulandı.


FOTO

Paylaş: