MOSKVA-AKSIYA.jpg
12 mart 2010

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Müftilər Şurası xeyriyyə aksiyası keçirib

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Rusiya Müftilər Şurası sosial-xeyriyyə və dini-maarifləndirmə departamenti ilə birlikdə Moskvanın iki uşaq evində səyyar xeyriyyə aksiyası keçirmişdir.


İlk xeyriyyə tədbiri Rusiya paytaxtının şimal-şərq dairəsində yerləşən və 50 uşağın tərbiyə aldığı uşaq evində keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Müftilər Şurası departamentinin əməkdaşları uşaqlarla görüşüb söhbət etmişlər. Burada tərbiyə alan uşaqların əksəriyyətinin valideyni və qohumları olsa da, onlar isti ailə ocağından məhrumdur. Uşaqlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən gödəkçələr və digər hədiyyələr təqdim olunmuşdur. Onlara Fond, ölkəmiz, kimsəsiz və məzlum insanlara rəhmdilliyi ilə tanınan xalqımız barədə məlumat verilmişdir.

 

Müftilər Şurası departamentinin əməkdaşları da uşaqlara hədiyyələr təqdim etmişlər: kimisinə konstruktor, kimisinə saat, hamam ləvazimatı, bəzilərinə isə oyuncaqlar hədiyyə olunmuşdur. Uşaqların əksəriyyəti Məhəmməd peyğəmbər, İslam şəriəti, əxlaqi dəyərlər və xeyirxah işlər görməyin vacibliyi barədə söhbətləri ilk dəfə dinləyirdilər. Görüş zamanı təşkil olunan şən müsabiqələr və səhnəciklər uşaqların ürəyincə olmuşdur.

 

Belə səyyar xeyriyyə aksiyası Moskvanın digər uşaq evində davam etdirilmişdir. 


FOTO