17 mart 2010

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Novruz şənliyi təşkil edib

17 mart 2010-cu il tarixində Heydər Əliyev Fondu Türkiyə Nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələrə ziyafət verilmişdir.


İzmir şəhərinin mərkəzində, gözə bir guşədə təşkil olunmuş və 300 nəfərin yer aldığı tədbirdə tələbələrlə bərabər İzmir şəhərində fəaliyyət göstərən azərbaycanlı sənətçi və elm xadimləri, İzmir bölgə valisinin birinci müavini və təhsil şöbəsinin müdürü, Bornova bələdiyyəsinin keçmiş başqanı, Türkmənistan və İordaniya konsulları, Azərbaycan təhsil ateşesi, Azərbaycan diaspora qurumlarının nümayəndələri  iştirak etmişlər.

 

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəsi Samir Cəfərov qonaqları və tələbələri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından təbrik etmiş və salamlamışdır. Söz alan İzmir valisinin müavini Məhməd Ərdoğan və digər qonaqlar Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik edərək xoş arzularını dilə gətirmişlər. Ayrıca qonaqlar Azərbaycan xalqının əziz bayramı olan Novruzda tələbələri yalnız buraxmadığı üçün Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirmişlər.

 

Novruzla bağlı milli ənənələrimizi əks etdirən səhnəciklər böyük maraqla seyr edilmişdir. Bayram münasibətilə qonaqlara səməni və milli şirniyyatlarımız hədiyyə olunmuşdur. Tədbir Azərbaycan folklor ansamblının ifasında səsləndirilən Azərbaycan mahnıları ilə davam etmişdir.