10 mart 2009

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Novruz bayramı münasibətilə amnistiya elan olunması təklifi ilə parlamentə müraciət edib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə Milli Məclisə müraciət etmişdir.

 

Müraciətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondunun ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanır. Mayın 10-da 5-ci ildönümü qeyd olunacaq Fond bu istiqamətdə iş apararaq cəmiyyət həyatında önəmli yer tutmağa çalışır. Müraciətdə qayğı və yardıma ehtiyacı olan insanlara kömək göstərilməsi ümummilli liderin insanpərvərlik və humanizm ideallarının daşıyıcısı olan Heydər Əliyev Fondunun fəaliyyətində əsas qayələrdən biri kimi dəyərləndirilir.

 

Bu baxımdan Heydər Əliyev Fonduna məhkum edilmiş şəxslərdən və onların ailə üzvlərindən çoxlu müraciətlərin daxil olduğu, bununla bağlı araşdırmaların aparıldığı qeyd olunur və həmin insanlara münasibətdə də mərhəmət göstərilməsi zərurəti vurğulanır.

 

Müraciətdə ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdirilərək Azərbaycan xalqının firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramı – Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürülür.

 

Amnistiya Aktının layihəsində böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına çatmayanların, birinci və ya ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi nəzərdə tutulur.

 

Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir.

 

Aparılan təhlillərə əsasən təqribən 9 min şəxsin Amnistiya Aktının təsiri altına düşməsi ehtimal olunur. Bunlardan təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir.