1 iyun 2009

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. 


Dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

 

Mərasim Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin “Uşaq İli”nə həsr olunmuş “Uşaq himni”nin oxunması ilə başlamışdır.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ombudsman Elmira Süleymanova, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, idman və gənclər naziri Azad Rəhimov və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək uşaqları təbrik etmiş və onlara firavan gələcək, şən həyat arzulamışlar.

 

Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin “Uşaq İli” elan edilməsi ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan vermişdir. Son illərdə uşaqlara qayğı dövlətin diqqət mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu məsələ həmişə önə çəkilmiş, gənc nəslin sağlam böyüməsi, düzgün təlim-tərbiyə alması üçün hər bir şərait yaradılmışdır.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğısından danışan natiqlər vurğulamışlar ki, Fond tərəfindən Azərbaycanın istedadlı uşaqlarının üzə çıxarılması, yetişməsi istiqamətində mühüm layihələr həyata keçirilmiş və bu iş bu gün də uğurla davam etdirilir.

 

2009-cu il “Uşaq İli” çərçivəsində rəsm və foto üzrə respublika müsabiqələrində fərqlənmiş istedadlı uşaqlara müxtəlif nominasiyalar üzrə fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

İncəsənət ustaları və uşaq bədii yaradıcılıq kollektivləri mərasimdə geniş konsert proqramı ilə çıxış etmişlər.