01.jpg
7 iyul 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıdakı Müqəddəs Məryəm kilsəsində aparılan yenidənqurma işləri başa çatıb

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində aparılan yenidənqurma işləri başa çatmışdır.

 

Bu münasibətlə Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerotti və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov kilsənin başçısı Yan Çapla ilə birgə görülmüş işlərlə tanış olmuşlar.

 

Fondun dəstəyi ilə Müqəddəs Məryəm kilsəsində asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

 

Layihə Heydər Əliyev Fondu və Roma katolik dini icması arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilmişdir.

 

Dini-tarixi abidələrin bərpasına xüsusi diqqət verən Heydər Əliyev Fondu 2006-cı ildən ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin yenidən qurulmasını həyata keçirir. 2007-ci ildə Fond “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Buzovna məscidi ilə yanaşı, ölkədə fəaliyyət göstərən katolik və pravoslav kilsələrində yenidənqurma işlərinə başlamışdır.

 

Ötən il Bakıdakı pravoslav kilsəsində təmir-bərpa işləri aparılmışdır. Bu il isə Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsinin bərpasına töhfə vermək məqsədi ilə Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırmışdır. 1320-1340-cı illərdə salınmış bu şüşələrin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunmuşdur.


FOTO