16 dekabr 2009

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Moskvada xeyriyyə tədbiri keçirib

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni illə bağlı xeyriyyə tədbiri təşkil etmişdir.

 

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı” kinokonsert kompleksində Moskva şəhərinin 20 uşaq evində və internat məktəbində tərbiyə alan uşaqlar üçün maraqlı əyləncəli proqramdan ibarət bayram konserti təşkil edilmişdir. Əyləncəli proqramda Şaxta baba və Qar qız uşaqları təbrik etmiş, klounların maraqlı çıxışları və sabun qovuqları ilə nömrələri balacaları sevindirmişdir. Obraztsov adına Dövlət Akademik Kukla Teatrının artistlərinin ifasında “Leopold pişik” tamaşası uşaqların daha çox xoşuna gəlmişdir.

 

Tədbirin sonunda bütün uşaqlara Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi adından hədiyyələr verilmişdir.