02_FOND - ZIRA - TADBIR.JPG
25 dekabr 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə “Əzizbəyov rayonu ərazisində yaşayan əlilliyi olan uşaqların ehtiyaclarına əsaslanan xidmətlərin planlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Əzizbəyov Rayon İnkişaf Fondu və Azərbaycana Birgə Yardım Təşkilatı dekabrın 25-də Zirə qəsəbəsində “Əzizbəyov rayonu ərazisində yaşayan əlilliyi olan uşaqların ehtiyaclarına əsaslanan xidmətlərin planlaşdırılması” mövzusunda dəyirmi masa keçirmişdir.


Əzizbəyov rayonunda yerləşən bir sıra xidmət sahələrinin nümayəndələri bir yerə toplaşaraq təmsil etdikləri qurumların əlilliyi olan uşaqlar üçün hansı xidmətləri göstərdiyini və bu xidmətlərin gələcəkdə necə inkişaf edəcəyini müzakirə etmişlər.

 

Əzizbəyov Rayon İnkişaf Fondunun direktoru İlqar Mustafayev əlilliyi olan uşaqların əsas ehtiyaclarının müəyyənləşdirilməsi və mövcud resurs vasitəsilə onlara yardımın əhəmiyyətini vurğulamışdır. Rayonda ümumilikdə əlil uşaqlar üçün 9 müəssisə fəaliyyət göstərir. Onlardan biri tipik uşaqlar üçündür. Əzizbəyov Rayon İnkişaf Fondu və Azərbaycana Birgə Yardım Təşkilatının ən böyük çətinliyi isə evlərdə olan, rəsmi qeydiyyata düşməyən əlil uşaqlara yardım etməkdir.

 

Azərbaycana Birgə Yardım Təşkilatının eksperti Məftunə İsmayılova demişdir ki, Əzizbəyov rayonunda rəsmi qeydiyyatdan keçmiş 579 əlilliyi olan uşaq vardır. Ancaq qeydiyyatda olmayan belə uşaqların sayı daha çoxdur. Biz istəyirik ki, evlərdə gizlədilən bu uşaqların da hüquqları təmin edilsin. Həmin uşaqlar da bu xidmətlərdən istifadə etsinlər.

 

“Uşaq ili” ilə əlaqədar rayonda bir neçə mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərdən biri də 3 saylı internat evində yaradılmışdır. Azərbaycana Birgə Yardım Təşkilatı bu müəssisənin gələcəkdə evlərdə olan əlil uşaqlar üçün xidmət sahəsinə çevrilməsinə çalışır. “Uşaq ili” başa çatsa da, dövlətin və Heydər Əliyev Fondunun uşaqlar üçün layihələri davam edir.


FOTO