01_FOND-USHAQLAR-YENI IL BAYRAM (2).JPG
29 dekabr 2009

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir

Heydər Əliyev Fondu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-dan etibarən “Buta” sarayında uşaq evləri və internat məktəblərindən, şəhid və köçkün ailələrdən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər üçün üçgünlük bayram şənliklərinə başlamışdır. 

 

Bayram günləri Azərbaycanda “Uşaq ili” çərçivəsində keçirilən sonuncu tədbirlərdən biridir.

 

Uşaqların istirahətini mənalı keçirmələri, Yeni il şənliyinin uşaqların qəlbində silinməz xatirəyə çevrilməsi üçün Heydər Əliyev Fondu bu dəfə də müvafiq tədbirlər görmüşdü. Şənlikdə iştirak edən uşaqların paytaxtın Azneft meydanından saraya təhlükəsiz gəlib-getməsini 35 avtobus təmin edir.

 

Tədbirin əvvəlində ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən film nümayiş etdirildi.

 

Bayram şənliyində Şaxta baba, Qar qız, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

 

Bayram şənliyində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici uşaq təşkilatlarının, o cümlədən talassemiya, hemofiliya və diabet assosiasiyalarının üzvləri də iştirak etmişlər.

 

Tədbirdə uşaqlara Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət yeni disk hədiyyə edilmişdir. Qənbər Hüseynlinin “Cücələrim”, Tofiq Quliyevin “Bahar bayramı”, Oqtay Zülfüqarovun “Əziz ana, can ana”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə”, Ağabacı Rzayevanın “Kukla”, Səid Rüstəmovun “Vətən”, Fikrət Əmirovun “Layla” mahnılarının daxil olduğu diskdə 16 populyar və sevilən nəğmələr yer almışdır. Tədbirin sonunda isə uşaqlara hədiyyələr verilmişdir.


Uşaqlar üç saatadək davam edən şənlikdən aldıqları unudulmaz təəssüratla ayrılmışlar


FOTO