022_EDİT.JPG
9 may 2008

Zirə qəsəbəsində 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə yaradılmış kompleksin yenidənqurmadan sonra açılışı olub

Mayın 9-da Əzizbəyov rayonunun Zirə qəsəbəsində 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə yaradılmış kompleksin yenidənqurmadan sonra açılışı olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Müharibə veteranları dövlətimizin başçısını və xanımını səmimiyyətlə qarşıladılar.

 

1,5 hektar sahədə yerləşən kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuş, yaşıllaşdırılmış, ağaclar və gül kolları əkilmişdir. Burada sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır.

 

Ərazidə qoyulmuş lövhədə Böyük Vətən müharibəsində həlak olan Zirə sakinlərinin adları yazılmışdır.

 

Prezident İlham Əliyev xatirə kompleksindəki məşəli alovlandırdı.

 

Prezident İlham Əliyev və xanımı əsgər abidəsinin önünə gül dəstələri qoydular.

 

Azərbaycanda, eləcə də Zirə qəsəbəsində görülmüş işlərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən veteranlar dedilər ki, biz dövlətimizin başçısını daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Şükür edirik ki, Sizin kimi Prezidentimiz var. Əzizbəyov rayonunun bütün veteranları Sizinlə fəxr edir. Oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərində biz ümummilli lider Heydər Əliyevin yolunun layiqli davamçısı İlham Əliyevə səs verəcəyik.

 

Veteranlar 9 may Qələbə gününün yenidən bayram kimi qeyd olunmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini yada salaraq dedilər ki, əgər o olmasaydı, bu gün biz burada yox idik. Biz çox ruhdan düşmüşdük. O, bizi yüksəltdi. Bəziləri deyirdi ki, siz vətəni müdafiə etməmisiniz. Ancaq biz öz vətənimizi müdafiə etmişdik.

 

Zirəli veteranlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da gördüyü işləri yüksək qiymətləndirdilər.

 

Veteranlarla bir-bir görüşüb, onları təbrik edən Prezident İlham Əliyev dedi ki, son illər ərzində Zirə qəsəbəsində abadlıq-quruculuq, sosial məsələlərin həlli istiqamətində böyük işlər görülmüşdür. Bütün bunlar qəsəbənin səviyyəsini yüksəldir. Burada olan səviyyə istənilən şəhərin səviyyəsinə uyğundur.

 

Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycana rəhbərliyə gəlməmişdən əvvəl 9 May bayramını ləğv etmişdilər. Bayram kimi qeyd olunmurdu. Yalnız Heydər Əliyevin səyi nəticəsində bu bayram bərpa olundu və indi də yaşayır. Biz bunu bayram kimi qeyd edirik, görüşürük, söhbətləşirik. O vaxtkı rəhbərlik vətən uğrunda öz sağlamlığını itirmiş insanlara belə laqeyd, ədalətsiz münasibət göstərirdi. Ümumiyyətlə, onlar sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər və silirdilər də. 1993-cü ildə Heydər Əliyev gələn kimi bu bayramı bərpa etdi, veteranları dəstəkləməyə başladı, müxtəlif tədbirlər görüldü, qanunlar qəbul olundu, sərəncamlar verildi. Bu gün də belədir, mən həmişə sizinlə olacağam.


FOTO