001.JPG
10 may 2008

Heydər Əliyev Fondu Zirə qəsəbəsində ziyafət təşkil edib

Mayın 10-da ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Zirə qəsəbəsində yeni istifadəyə verilmiş şadlıq sarayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından Əzizbəyov rayonunun ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri üçün ziyafət təşkil edilmişdir.


Xatırladaq ki, bu Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş və ümummilli liderin yubileyi ərəfəsində istifadəyə verilmiş park kompleksində yerləşən şadlıq sarayında keçirilən ilk tədbir idi.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi rayon sakinlərini Mehriban xanımın adından salamlamışdır. O, rayonda son illər geniş abadlıq-quruculuq işlərinin getdiyini, əhalinin sosial rifahının yaxşılaşması üçün tədbirlər görüldüyünü vurğulamışdır.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Zirə qəsəbəsində tamamilə yenidən qurulmuş və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi park kompleksi, uşaq bağçası, Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi, kabel və elektrik avadanlıqları istehsal edən müasir zavodun tikilib işə salınması Əzizbəyov rayonunun sakinlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bütün bu işlərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva daim böyük təşəbbüskarlıq göstərir.

 

Ziyafətdə Azərbaycanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.


FOTO